Hamiləlik dövründə hansı USM müayinələrindən keçmək vacibdir
Hamiləlik dövründə hansi usm müayinələrindən keçmək vacibdir
RADİOLOQ AÇIQLAYIR
Hamiləlik dövründə mütəmadi USM müayinələri gələcək ana və körpənin sağlamlığını izləmək üçün olduqca vacibdir. Müayinələr mümkün problemlərin erkən mərhələdə aşkarlanmasına kömək edir. Bu da, vaxtında müdaxilə etməyə və riskləri azaltmağa imkan yaradır. Eyni zamanda, valideynlərin körpələrinin inkişafı haqqında məlumatlandırılması onları rahatlaşdırır və doğuşun müsbət nəticələnməsinə dəstək olur.
Bu fikirləri Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının radioloqu Jalə Parlanova deyib.
Həkim bildirib ki, hamiləlik üç trimestrə bölünür və hər trimestrdə ana və körpənin sağlamlığını izləmək üçün xüsusi müayinələr aparılır.
Birinci trimestrdə, yəni 14-cü həftəyədək ananın müəyyən qan analizlərinin verməsi vacibdir. Bu analizlər nəticəsində qan qrupu, RH faktoru, hepatitlər və digər amillər yoxlanılır.
Radioloq eyni zamanda, bu trimestrdə NT yəni dölün ənsə qalınlığı müayinəsi aparıldığını bildirib. Bu da, qan analizləri ilə birlikdə uşaqda xromosom anomaliyalarının riskini qiymətləndirmək üçün əsas götürülür. Bu trimestrdə digər genetik analiz – NİPT də təklif edilə bilər. NİPT – hamilə qadınlarda hamiləliyin erkən həftələrindən dölün müəyyən xromosom anomaliyalarının skrininqidir. Test NGS – Yeni Nəsil Sekans metodu ilə ananın venoz qan nümunəsindən aparılır, deyə Jalə Parlanova bildirib.
Radioloq ikinci trimestrdə edilməli olan USM müayinələrdən danışarkən bildirib ki, körpənin orqanları, struktur vəziyyəti və plasentanın yerləşməsi yoxlanılır. Eyni zamanda, gestesional diabeti aşkar etmək üçün qlükoza dözümlülüyü testi də aparılır.
Son trimestrdə isə, körpənin inkişafını izləmək üçün böyümə USM-ləri icra edilir. Bu müayinələr körpənin ölçüsü, mövqeyi (duruş) və amniotik mayenin səviyyəni yoxlayır. Eyni zamanda, 36-38-ci həftələrdə icra edilən GBS testi bakteriyaların doğuş zamanı körpəyə keçməsinin qarşısını almaq üçün vacibdir, deyə radioloq Jalə Parlanova vurğulayıb.