Səhiyyəyə ayrılan vəsait 30 dəfə artırılıb
NAZİR TEYMUR MUSAYEV
Azərbaycan Respublikası Milli Məclisin Səhiyyə Komitəsi tərəfindən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr edilən ictimai dinləmə təşkil olunub.
Tədbirdə səhiyyə naziri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Milli Məclisin deputatları və digər rəsmilər iştirak edib.
İctimai dinləmədə səhiyyə naziri Teymur Musayev “İlkin tibbi-sanitariya yardımı: müasir çağırışlara uyğun təşkili və dayanıqlı inkişafı” adlı təqdimatla çıxış edib.
Nazir müstəqillik illərində Azərbaycanda davamlı olaraq, bütün sahələrdə olduğu kimi, səhiyyə sektorunda da islahatların həyata keçirildiyini vurğulayıb/ Nazir bildirib ki, səhiyyəyə ayrılan vəsait 30 dəfə artırılıb. Eyni zamanda, 700-dən artıq tibb müəssisəsində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bunların 70 %-dən çoxu regionlarda yerləşən tibb müəssisələri və ambulator müəssisələrdir”.
Teymur Musayev bildirib ki, son 20 ildə qan xəstəlikləri ilə mübarizə tədbirləri gücləndirilərək talassemiyadan ölüm sayları 5 dəfə azaldılıb: “2023-cü ildə Azərbaycan malyariyadan tam azad ölkə kimi qeydiyyatdan keçib. 2021-ci ilin aprel ayından etibarən ölkəmizin bütün ərazilərində icbari tibbi sığortanın tətbiqi əhalinin bir sıra tibb xidmətlərinə əlçatanlığını mühüm dərəcədə artırıb. 3315 tibb xidməti hazırda xidmətlər zərfinə daxildir, müəyyən sahələr üzrə cərrahi əməliyyatların sayı 89 %-ə artıb, deyə nazir vurğulayıb.