TƏBİB və TİKA-nıntəşkilatçılığı ilə həkim-oftalmoloqlar üçün təlimlər təşkil edilib 

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində fəaliyyət göstərən həkim-oftalmoloqlar üçün təlimlər təşkil edilib.

Təlimlərin məqsədi həkim-oftalmoloqların bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də bu sahədə müasir yanaşmaların öyrənilməsi və tibb işçilərinin gələcəkfəaliyyətlərində beynəlxalq təcrübədən faydalanmalarından ibarətdir.

Mərkəzi Neftçilər Xəstəxanasında keçirilən ilk təlimin açılışında TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov çıxış edərək, Türkiyə və Azərbaycan arasında davamlı əməkdaşlıq, tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılması istiqamətində görülən tədbirlərin əhəmiyyətindən danışıb. A.Nəsirov Bakı və regionlarda TİKA ilə əməkdaşlıq çərçivəsində təşkil olunmuş digər təlimlərin uğurlu nəticələrihaqqında məlumat verərək, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin həkimlər üçün önəmli olduğunu vurğulayıb.

Daha sonra TİKA Bakı Ofisinin rəhbəri Hayrettin Özçelik çıxışında Azərbaycanda TİKA tərəfindən tibb sahəsi üzrə 160-dan çox layihənin uğurla bitdiyini qeyd edib. H.Özçelik növbəti təlimlərin məqsədi və əhəmiyyəti haqqında ətraflı məlumat verib.

Təlimin elmi hissəsində Türkiyənin “Urartu Göz Tıp Merkezi”nin həkim-oftalmoloqu, Prof. Dr. Muhammed Batur, “Yüzüncü Yıl Üniversitesi Tıp Fakültesi”nin təlim koordinatoru Dr. Veys Yıldız və “Sağlık Bilimleri Üniversitesi Van Eğitim ve Araştırma Hastanesi”nin həkim-cərrah-oftalmoloqu Dr. Rumeysa Bilez Tan tərəfindən göz travmaları zamanı müayinə, müalicə, fəsadların aradan qaldırılması və profilaktikası haqqında ətraflı məlumatlar verilib.

Qeyd edək ki, təlimlər Şamaxı Rayon Mərkəzi Xəstəxanası və Gəncə Birləşmiş Xəstəxanasında da keçirilib.  5 gün davam edən təlimlərin sonunda iştirakçılar sertifikatlarla təltif olunub.