Müalicə edilməsə, miokard infarktına səbəb olur

KARDİOLOQ XƏBƏRDARLIQ ETDİ
stenokardiyada erkən müdaxilənin olmaması miokard infarktına və ürək çatışmazlığına gətirib çıxara bilər. Hər bir pasiyentdə sadaladığım şikayətlər yaranarsa, dərhal həkimə müraciət olunmalıdır. Çünki oxşar şikayətlər miokard infarktın başlanğıcında da müşahidə oluna bilər. Burada tez bir zamanda differensiasiya aparılmalıdır və müvafiq təcili tədbirlər görülməlidir.
Bu sözləri Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardioloqu Sədaqət Sultanova sehiyye.gov.az saytına müsahibəsində deyib.
Həkim bildirib ki, stenokardiyanın vacib spesifik əlamətlərindən döş sümüyü arxasında əmələ gələn sıxıcı, göynədici, yandırıcı ağrılardır. Ağrılar kürəyə, çiyinə, qola, boyuna, çənəyə, hətta qarın nahiyyəsinə irradiasiya edə bilər. Ağrıların müddəti adətən 15 dəqiqəyə qədər davam edir. Ağrıların fiziki və ya emosional gərginlik nəticəsində baş verməsi stenokardiyanın xarakterik əlamətindəndir. Gərginlik artarsa, ağrılar da çoxalır və əksinə, istirahət zamanı ağrılar tam dayana bilər. Anginoz ağrılar həm də dil altına nitroqliserin həblərinin qəbulundan sonra azalır, yaxud tamamilə yox olur.
Stenokardiya tutması zamanı pasiyentdə hava çatışmazlığı yaranır, əllərini sinə nahiyəsinə sıxaraq, hərəkətsiz vəziyyət almağa çalışır. Xəstənin təzyiqi arta bilər və nəbzi taxikardiya, aritmiya ilə müşayiət olunur. Uzun sürən stenokardiya tutması miokard infarktına keçə bilər, deyə kardioloq bildirib.