Teymur Musayev TDT-nin üzv ölkələrinin səhiyyə nazirlərinin V iclasında çıxış edib

Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin V iclası keçirilir.
Türk Dövlətləri Təşkilatının və Qazaxıstan Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmiz səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Açılış nitqi ilə çıxış edən TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tədbirin mahiyyətini vurğulayaraq bildirilib ki, Təşkilata üzv dövlətlər arasında səhiyyə sahəsində ikitərəfli və faydalı əməkdaşlıq mövcuddur.

Tədbirin mahiyyətini vurğulayan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional direktoru Hans Henri Kluge iclasın işinə uğurlar arzulayıb.
Beynəlxalq tədbirdə TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri, ali tibb təhsili qurumlarının rəhbərləri, həmçinin müxtəlif ölkələrdən dəvət olunmuş elm adamlarının iştirak etdiyini bildirən Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova iclasın uğurlu və səmərəli olacağına əminliyini ifadə edib.
İclasda çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatın qısa müddətdə üzv və müşahidəçi ölkələr arasında münasibətlərin, regional əməkdaşlığın dərinləşməsində mühüm rol oynadığını bildirib.
Nazir builki iclasda TDT-nin üzv və müşahidəçi ölkələrin vahid tibb elmi məkanının yaradılması, birgə elmi-tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təmin edilməsi sahəsində birgə fəaliyyətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Həmçinin, Teymur Musayev qeyd edib ki, səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının sürətli tətbiqi Təşkilat çərçivəsində vahid elektron səhiyyə standartlarının hazırlanmasını mümkün edir.

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin V iclasında yekun sənəd – Birgə Bəyannamə qəbul edilib. Sənədə əsasən, Təşkilatın səhiyyə nazirlərinin növbəti görüşünün Qırğızıstanda keçirilməsi qərara alınıb.
Həmçinin, tədbir çərçivəsində Astana Tibb Universiteti ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində Anlaşma Memorandumu imzalanıb.