Səhiyyə Nazirliyində Qlobal Fondun yeni təyin olunan Portfolio meneceri ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Qlobal Fondun (QF) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə yeni təyin olunan Portfolio meneceri Valeriya Qrişeçkina ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Valeriya Qrişeçkinanı QF-nin Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Portfolio meneceri vəzifəsinə yeni təyin olunması münasibətilə təbrik edib.
Nazir öz çıxışında Azərbaycanın Qlobal Fondla əməkdaşlığa önəm verdiyini vurğulayaraq, Səhiyyə Nazirliyinin Qlobal Fondun missiyaları ilə mütəmadi keçirilən görüşlərin mövcud əlaqələrin daha da gücləndirilməsinə töhfə verdiyini qeyd edib.
Teymur Musayev, həmçinin xatırladıb ki, 2005-ci ildən QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda vərəm əleyhinə fəaliyyətin dəstəklənməsində yaxından iştirak edir: “Hazırda Azərbaycanda Qlobal Fondun layihələri davamlı olaraq həyata keçirilir və ölkəmizin vərəmlə mübarizəsinə böyük töhfədir”.
2023-cü ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılmasını qeyd edən nazir malyariya ilə mübarizədə uğurun, həm də ÜST-nin aparıcı mövqe tutduğu tərəfdaşların uzun illər hərtərəfli dəstəyi sayəsində mümkün olduğunu vurğulayıb.
Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Valeriya Qrişeçkina Azərbaycanın “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılmasını yüksək qiymətləndirib. Qlobal Fondun Portfolio meneceri bu nailiyyətin səhiyyə işçilərinin davamlı fədakarlığı, həmçinin malyariya hallarının məqsədyönlü şəkildə qarşısının alınması, erkən aşkarlanması və müalicəsi sayəsində mümkün olduğunu bildirib.
Görüşdə həmçinin əməkdaşlığın mövcud vəziyyəti, potensial inkişaf imkanları və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.