50 mindən çox angioqrafiya müayinəsi aparılıb

İCBARİ TİBBİ SIĞORTA
Damar xəstəliklərinin kontrastlı rentgenoloji müayinə üsulu olan angioqrafiya icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. Başın, ətrafların, ürəyin və digər orqan və nahiyələrin damarlarının angioqrafiyası damar patologiyalarının diaqnostikasında bütün mövcud üsullar arasında ən etibarlı və dəqiqidir. İnvaziv müayinə üsulu olan angioqrafiyanın köməyi ilə qan damarlarında stenoz (daralma), tıxanma, anevrizmalar, anadangəlmə damar anomaliyaları, damarların travmatik zədələnməsi və qan axınına mane olan digər patoloji halları aşkar etmək mümkündür. 2024-cü ildə icbari tibbi sığorta hesabına 50 806 angioqrafiya müayinəsi aparılıb.
Əsasən yerli anesteziya ilə aparılan prosedur zamanı pasiyent demək olar ki, ağrı və narahatlıq hiss etmir. Müayinə olunan damara kontrast maddə yeridildikdən sonra rentgen, KT və ya MRT vasitəsilə damarlar monitorda görüntülənir.
İnvaziv müayinə üsulu olmasına baxmayaraq angioqrafiya nisbətən təhlükəsiz prosedurdur. Prosedurdan sonra ağırlaşmanın baş vermə ehtimalı çox aşağıdır və bu risk 5%-i keçmir. Angioqrafiyada yod tərkibli kontrast maddələrdən istifadə olunur. Bu preparatlar allergik xüsusiyyətlərə malik olduğu üçün allergik reaksiyası olan insanlar müayinədən əvvəl bu barədə həkimə məlumat verməlidir.
Adətən angioqrafiya müayinəsindən 8-12 saat sonra pasiyent evə buraxılır.
Angioqrafiya zamanı invaziv müdaxilə önü müayinə və həkim konsultasiyası, anesteziya, reanimasiya və stasionarda yatış, dərman və tibbi sərf, istifadə edilən kontrast maddə icbari tibbi sığorta təminatına daxildir.