Gəncədə 400-dən çox qadın süd vəzi xərçəngi ilə əlaqəli tibbi müayinələrə cəlb olunub

TƏBİB-in təşkilatçılığı, PAŞA Holding, PAŞA Sığorta, Gəncə Şəhər İcra hakimiyyətinin dəstəyi ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf “Strategiyası”nda nəzərdə tutulmuş onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanmasına dair tədbirlər planına əsasən, “Süd vəzi xərçənginə sinə gəririk” layihəsi keçirilib. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində A.Səhhət adına xəstəxanada həyata keçirilən “Süd vəzi xərçənginə sinə gəririk” layihəsi çərçivəsində 25-65 yaş qrupuna daxil olan, ümumilikdə 400-dən çox qadın ödənişsiz həkim – onkoloq, süd vəzinin ultrasəs müayinəsi və səyyar mamoqrafiya müayinələrindən yararlanıb. Layihə çərçivəsində qadınlar arasında süd vəzi xərçəngi ilə mübarizə üsulları barədə maarifləndirmə işi aparılıb.

Süd vəzi xərçənginin müalicəsində erkən diaqnozun önəmli olduğu insanların diqqətinə çatıdırılıb. Qeyd edək ki, layihənin ilk mərhələsi işğaldan azad edilmiş ərazilərdə – Füzuli şəhəri və Zəngilan rayonunun Ağalı kəndinin sakinləri üçün həyata keçirilib.