Xızıda davamlı səyyar tibbi xidmət təşkil olunacaq

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə vətəndaşların tibbi xidmətə əlçatanlığının artırılması məqsədilə Xızı rayonunda səyyar tibbi xidmət həyata keçiriləcək. Bu istiqamətdə həyata keçirilən işlərin tərkib hissəsi kimi TƏBİB-in tabeliyindəki Xızı Rayon Mərkəzi Xəstəxanasının həkimləri və tibbi personalının iştirakı ilə periodik olaraq rayonun Altıağac, Baxışlı, Giləzi, Ağdərə kimi kəndlərinin böyük və uşaq əhalisinin müayinələri təşkil olunacaq.


 
Bu məqsədlə yeni alınmış 2 ədəd xüsusi təchizatlı təcili tibbi yardım avtomobili ayrılıb və komplektləşdirilib.
 
Avtomobillər zəruri cihaz və avadanlıqlarla, eləcə də dərman preparatları ilə dəstləşdirilib. Pasiyentin vəziyyətinə nəzarət və reanimasiya tədbirləri üçün avtomobillər kardiomonitor, defibrilyator, elektrokardioqraf (EKQ), mobil süni tənəffüs cihazı, perfuziya və infuziya cihazları ilə də təchiz olunub.
 


Eyni zamanda diaqnostik müayinə və ilkin qiymətləndirmə üçün stetoskop, otoskop, oftalmoskop, spirometr də təmin olunub.
 
Əlavə olaraq, görüntüləmə və dərin müayinə üçün mobil USM, mobil EXO  və rəqəmsal DR sistemli mobil rentgen aparatı da mövcuddur.
 
Səyyar tibbi xidmət avtomobillərinin təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə də imkan verir və dağlıq relyefdə, eləcə də yolsuzluq şəraitində tibbi briqadanın rahat və təhlükəsiz hərəkətini təmin edir.
 
Səyyar briqadaların tərkibinə Xızı Rayon Mərkəzi Xəstəxanasının və ailə sağlamlıq mərkəzlərinin pediatr, nevropatoloq, ginekoloq və terapevtləri daxil olacaq.
 
Səyyar tibbi aksiyaların əsas məqsədi ucqar yaşayış məntəqələrində yaşayan vətəndaşlara keyfiyyətli tibbi xidmətin yerindəcə göstərilməsi, erkən diaqnostika və preventiv tədbirlərin gücləndirilməsidir.
 
Bu təşəbbüs regionlarda ilkin səhiyyə xidmətlərinin daha da inkişaf etdirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edir.