Yeniyetmələr evdən niyə qaçır: səbəbləri- mütəxəssisdən AÇIQLAMA

“Yeniyetməlik həyatı insan həyatının çox qarışıq,dəli-dolu bir dövrüdür. Bu dövrdə hormonal olaraq insanın orqanizmində müxtəlif proseslər getdiyinə görə həmin dönəmdə xüsusilə valideynlər yeniyetmələrlə xoş münasibətə üstünlük verməlidirlər”. 

Bu sözləri Almaniyada fəaliyyət göstərən psixiatr,psixoterapevt Məhəmməd Qiyai Medicalmedia.az-a açıqlamasında deyib. 

Psixiatrın sözlərinə görə, həmin halda yeniyetmələr özlərini həyatının sahibi hiss edə bilirlər.

“Mən nə istəyirəm odur”, “Mən nə bilirəmsə doğrudur” kimi ifadələr onların aparıcı kəlimələrinə çevrilir. Valideynlərin məsləhətləri artıq arxa planda qalır. Bu səbəbdən yeniyetməlikdən öncəki dövrdə valideyn-övlad münasibətləri nə qədər möhkəm olarsa, artıq yeniyetməlik dövründə onların bir problemi olan zaman onların həllini valideynə müraciət edərək axtarması mümkün olar”. 

Məhəmməd Qiyai bildirdi ki, yeniyetməlikdən öncəki dövrdə valideyn-övlad arasında üzdə görünməyən maskalanmış yaxşı münasibət, maskanın arxasında daha problemi bir münasibət varsa, hansı ki, övlad öz problemlərini çətinliklərini açıq formada ifadə edə bilmir, bu vəziyyətdə problemdən uzaqlaşma,problemdən qaçma kimi hallar müşahidə edilir. 

“Bu da evi tərk etmə,hansısa intihar düçüncənin olması halına gətirib çıxarır. Onu tənqid etmədən,qınamadan problemlərini dinləyəcək adamın olmaması, bu insanların qeyri-adekvat davranışına səbəb olur”. 

Zeynəb Müzəffərli