Bəzi kişilər burun əməliyyatından niyə qaçır?- AÇIQLAMA

“Kişilərin burun estetik əməliyyatı qadınlardan fərqlənir. Kişilərdə burun sadəcə düz olmalıdır. Burun ucunun dikləşdirilməsi və digər buna bənzər formalar kişilərə uyğun deyil. Kişi pasiyentlər sadəcə burnun düz olmasını istəyirlər. Hazırda kişi pasiyentlərlə, qadın pasiyetlərin sayı bərabərdir”.

Bunu Medicalmedia.az-a açıqlamasında otorinlarinqoloq Pərviz Aslanov deyib.

Həkim deyib ki, kişilər ətrafdakıların, xüsusən də dostlarının qınağından çəkinərək burun əməliyyatı olduqlarını gizlədirlər. Çox zaman da burun üzərində hədsiz dəyişikliyin edilməməsini istəməklərinin səbəbi budur. 

Mütəxəssis qeyd edib ki, burun əməliyyatı nə dərəcədə istəklə bağlı olsa da, mütləq tibbin imkan verdiyi həddə qədər icra edilir. Bəzi pasiyentlər tibbin imkanlarından kənar bir şey istəsələr də, biz onlara bunun mümkün olmadığını izah edirik.