Ölkəmizdə 50 mindən çox insan bu xəstəlikdən əziyyət çəkir – Mütəxəssisdən AÇIQLAMA
“Ölkəmizdə epilepsiyadan əziyyət çəkənlərin sayı 50 mindən çoxdur”.
Bunu Medical Media-ya açıqlamasında Uşaq Nevroloqu Kamran Salayev bildirib.
Həkimin sözlərinə görə Azərbaycanda epilepsiya xəstəliyi xüsusən gənclər arasında geniş yayılıb. Epilepsiya beyindəki neyronların anidən və nəzarətsiz şəkildə boşalmasına deyilir. Bunun nəticəsində xəstədə qeyri-iradi qıcolmalar, duyğu və şüurda dəyişikliklərə rast gəlinir. Bu xəstəlik tutmalar şəklində baş verir. Həkimin sözlərinə görə epilepsiya xəstəliyini həm dərman, həm də cərrahi üsulla aradan qaldırmaq mümkündür.
“Epilepsiyada tutmaların müxtəlif növləri var. Əgər tutmalar iki dərmana tabe olmursa, bu hal tabe olmayan tutmalardır. Bu cür xəstələr uzun illər epilepsiya tutmalarından əziyyət çəkirlər”.
Bəzən ətrafımızdakı insanlarda – evdə, yolda, avtobusda gedərkən tutma halları baş verir. Bu vaxt hər birimiz bu insanlara yardım etməyə çalışırıq. Nevroloq bildirir ki, tutmanın qarşısını almaq mümkün deyil, amma yardım zamanı nəyi edib etməyəcəyimizi bilməliyik.
Həkimin sözlərinə görə, xəstələrin böyük əksəriyyəti dərman və pəhrizlərlə müalicə oluna bilər. Xəstəliyin ciddiliyindən danışan Kamran Salayev deyir ki, epilepsiya həttə ölümə də səbəb ola bilər.
Buna görə hər bir halda həkim müayinəsi və nəzarəti vacib şərtdir.
Zeynəb Müzəffərli