Məqalə

05.09.2020 23:08

Sizdə miopiya var? O zaman diqqətli olun!

Sizdə miopiya var? O zaman diqqətli olun!

671

Miopiya - yaxındangörmə qüsuru adlandırılan bir patologiyadır. Bu qüsurlu insanlara çox tez-tez rast gəlirik. Statistikaya görə dünya əhalisinin 1 milyardından çoxu miopiyadan əziyyət çəkir. Miopiyanı inkişaf etdirən səbəblər bunlardır:


Göz almasının qeyri-düzgün forması


Qeyri-düzgün formalı göz almasında ön-arxa ox uzun olduğu üçün işıq şüaları fokuslaşıb torlu qişaya çata bilmir.


İşıq şüalarının həddindən artıq sındırılması 


Gözün optik oxunun normal ölçüdə olmasına baxmayaraq miopiyanın meydana çıxmasının səbəbi işıq şüalarının optik mühitlər (buynuz qişa, büllur) tərəfindən həddindən artıq sındırılması nəticəsində fokus nöqtəsinin torlu qişaya çatmamasıdır.


İrsi faktorlar


Mütəxəssislərin fikrincə pis görmə və ona meyillilik irsən keçir. Risk qrupuna hər iki valideynində miopiya olan uşaqlar daxildirlər. Yalnız 1 valideynində miopiya olan hallarda doğulan uşaqların 30 faizində miopiya rast gəlmə ehtimalı var.


Sklera toxumasının zəifliyi


Sklera toxumasının zəif olması nəticəsində göz daxili (18-24 mm.c.s) təzyiq yaxındangörmə qüsurunun inkişaf etməsinə səbəb olur.


Akkomodasiyanın birincili zəifliyi


Akkomodasiyanın anadangəlmə zəif olması kompensator olaraq göz almasının uzanmasına gətirib çıxarır, bu da öz növbəsində yaxındangörmə qüsuru yaradır.


Qeyri-düzgün qidalanma


Orqanizmin zəifləməsinə gətirib çıxaran bir sıra faktorlar: qeyri-düzgün qidalanma, həddindən çox yorulma, pis yuxu rejimi, immuniteti aşağı salan bir sıra xəstəliklər səbəbindən də yaxındangörmə qüsuru inkişaf edə bilər.


Görmə orqanının işi üçün əlverişsiz şərait


Gözlərin həddindən artiq gərgin işləməsi, hərəkət edən nəqliyyatda, uzanmış vəziyyətdə, qaranlıqda oxumaq, işıqlanmanın pis olması, saatlarla kompüter, planşet arxasında oturmaq, həmçinin yazıb – oxuyan zaman oturacaqda düzgün pozanın seçilməməsi də miopiyanın inkişaf etməsinə səbəb olur.


Miopiyalı gözlərdə torlu qişa çox gərildiyi üçün distrofik ocaqlar, deşik, yarıq, qopma kimi hallar baş verə bilər. Bunlar miopiyanın fəsadı hesab edilir. Torlu qişanın qopması təhlükəsinin olub, olmadığını bilmək üçün 15 yaşına çatmış bütün miopiyalı pasiyentlərin torlu qişasının periferik zonaları mütləq şəkildə yoxlanmalıdır. Əgər distrofik ocaq, deşik, yarıq, qopma varsa, dərhal lazımi tədbir görülməlidir. Bu məqsədlə lazerkoaqulyasiyadan geniş istifadə olunur. Miopiya bir patologiyadır. Gəlin onu özbaşına buraxıb xəstəliyə çevirməyək. Gözləriniz hər zaman aydın olsun.


Müallif: Cərrah oftalmoloq Nüşabə Nuri

Şərhinizi əlavə edin