Məqalə

04.09.2020 23:09

Niyə uşaqlara gözləri ovmaq olmaz?

Niyə uşaqlara gözləri ovmaq olmaz?

394

Gözlərin qızarması hallarına uşaqlar arasında daha tez-tez rast gəlirik. Elm və texnika əsrində, eləcə də, dünyada baş verən ekoloji dəyişikliklər səbəbindən gözlərimizdə baş verən qızartıların səbəbləri də çoxdur. Elektron cihazlardan uzun müddətli istifadə, tozlu ətraf mühit, qidalarımızda allergenlərin çoxluğu, məktəblərdə tədris proseslərində uşaqların həddindən artıq yüklənməsi və s. kimi səbəbləri qeyd etmək olar. Bu səbəbləri gücümüz çatdığı qədər aradan qaldırmağa çalışırıq, valideynlərə lazımi məsləhətlərimizi, tövsiyələrimizi veririk. Amma biz hər zaman uşaqlarımızın yanında ola bilmirik. Göz qızartıları çox zaman qaşınma ilə müşayət olunur. Uşaqlar da qeyri-ixtiyari olaraq gözlərini əlləri ilə ovurlar.


Bu hal uzun müddət davam edərsə nə baş verər? 


Bildiyimiz kimi, gözümüzün ön səthində şəffaf bir təbəqə, yəni buynuz qişa vardır. Buynuz qişanın qatlarının spesifik quruluşu onun gözümüzün ön hissəsində şax durmasını təmin edir. Hər hansı bir səbəbdən biz gözümüzü ovuşdursaq bu "şaxlığı" əzmiş olacağıq. Əgər bu hal periodik təkrarlanarsa, o zaman bu "əzilmə" artıq geri dönməz bir vəziyyətə düşür. Nəticədə gələcəkdə keratokonus deyilən bir xəstəliyin inkişafına səbəb olur. Bu zaman uşaqlar görmənin get-gedə pisləşməsindən şikayət edirlər. Qeyd edim ki, bu zaman qeyri-düzgün astiqmatizm yaranır və korreksiyaya tabe olmur. Həm də buynuz qişada yaranan əyrilik zamanla daxili təzyiq səbəbindən böyüyür və nazikləşir. Bu isə göz alması üçün çox təhlükəli bir vəziyyətdir. (buynuz qişa deşilə bilər) .


Bu kimi xoşagəlməz hallar meydana çıxmasın deyə valideynlərə müraciət edərək demək istəyirəm ki, əgər övladlarınızda gözlərini ovuşdurmaq halını görsəniz dərhal oftalmoloqa müraciət edərək bunun qarşısını almaq lazımdır. Uşaqlar bizim gələcəyimizdir, biz isə gələcəyimizi sağlam görmək istəyirik.


Müəllif: Cərrah oftalmoloq Nüşabə Nuri

Şərhinizi əlavə edin