Məqalə

07.06.2020 23:20

Qidalanma pozuntuları - günümüzün problemi

Qidalanma pozuntuları - günümüzün problemi

493

Sağlam olmağın əsas şərtlərindən biri də düzgün qidalanmaqdır. Düzgün qidalanmamaq bir çox xəstəliklərə yol açır. Eləcə də bir sıra xəstəliklər qidalanma pozuntularına səbəb olur.


Bədənin yağ depolaması təkamüllə izah edilə biləcək , həyatda qalmağımıza köməkçi olan bir mexanizmdir. Qida asan əldə edilə bilmədiyi vaxtlarda yeyilənlər yağ olaraq depolanırdı.Və qida tapılmayan vaxtlarda depolanan yağlar enerjiyə çevrilərək istifadə olunurdu. Bu aclığa qarşı bir qorunma tədbiridir. Amma bu mexanizm qidanın çoxaldığı və əldə etmənin asanlaşdığı dövrümüzdə insan oğlunun qarşısına problem olaraq çıxır. Normal şərtlərdə ac qalındığı zaman qanda şəkərin səviyyəsi düşər və beyində yemək yemə ilə əlaqəli bir refleks yaranır. Bu zaman yemə hissi əmələ gəlir.


Doyma hissi sadəcə yediyimiz qidanın komponentləri və miqdarından asılı deyil, udlaqdan mədəyə qədər olan yol boyunca olan reseptorların qıcıqlanması ilə də əlaqəlidir. Mədənin genişlənərək gərilməsi və bunun “vagus” siniri vasitəsi ilə beynə ötürülməsi, qan şəkərinin yüksəlməsi nəticəsində artan “insulin” və son olaraq yağ toxumasından ifraz olunan “leptin” adlı hormon doyma hissinin qaynağıdır.


Amma bəzi insanlarda doyma hissi olmur və ya gec əmələ gəlir. Bu hissin əmələ gəlməməsinin ilkin səbəbi psixolojidir. İkincisi leptin dirəncidir. Leptin piy toxumasından ifraz olunan, toxluq hissi yaradan və bədənin enerji balansını tənzimləyən hormondur. Doyma hissinə mane olan üçüncü faktor insulin dirəncidir. Yeməkdən sonra mədəaltı vəzdən insulin hormonu ifraz olunur. Bu hormon bağırsaqdan sorulan qidaların qaraciyərə, yağ toxumasındakı hüceyrələrin içinə ötürülməsi və enerjiyə çevrilməsini ya da yağ olaraq depolamasını təmin edir.


Qidalanma pozuntularının aşağıdakı növləri var: bir dəfəyə və qısa zamanda çox miqdarda qida qəbul etmək (Bulimia Nervosa) və heç bir şey yeməmək (Anorexia Nervosa).


Bir dəfəyə və qısa zamanda çox miqdarda qida qəbulu (Bulimia Nervosa) doyma hissinin olmamasından qaynaqlanır. Bu zaman insan tıxanana qədər yeyir. Bu problemə səbəb insanın keçirdiyi stress, kədər hissi ola bilir. Bu insanların çoxu sonradan peşmanlıq hissi keçirir və kökəlməmək üçün yediklərini məcburən qusur. Yaxud da imalə və ya müxtəlif dərman preparatları qəbul edərək kolorinin orqanizmə təsirini azaltmağa çalışırlar.

Bulimiya problemi yaşayan insanların əksər hissəsi qadınlardır.


Bulimiyanın müalicəsi


Müalicə əsasən üç mərhələdə həyata keçirilir: psixoterapiya, pəhriz və dərman müalicəsi.


Psixoterapevtik müalicə ilə xəstənin zehni vəziyyəti, sinir hüceyrələri və diyetə nəzarət etmək qabiliyyəti yaxşılaşdırılır.


Bulimiyanın müalicəsi zamanı antidepressantlardan istifadə olunur ki, bu da xəstənin stresli vəziyyətlərdən çıxmasına, zehni səviyyəsinin yaxşılaşmasına təsir edir. Mədə-bağırsaq xəstəliklərinin müalicəsinə kömək edən dərmanlardan da istifadə olunur.


Pəhriz terapiyası xəstənin tam sağalması üçün mühümdür. Bulimiyada qidalanmanı normallaşdırmaq üçün diyetə riayət edilməlidir. Gün ərzində 5 dəfə, normal miqdarda olaraq yemək tövsiyə olunur.


Qidalanma pozuntularından biri də heç bir şey yeməməkdir (Anorexia Nervoza). Bu xəstəliyin səbəblərindən biri sinir anoreksiyasıdır ki, çəki azaltmaq məqsədilə rasiondan yüksək kalorili məhsullar çıxarılır, qida qəbulu kəskin şəkildə məhdudlaşdırılır. Kökəlmə qorxusundan irəli gələrək qidadan imtina edilir. Əvvəlcə yeməkdən uzaq durmaq çətin olsa da, sonradan iştah tamamilə itir. Belə insanlar çox çəki itirir. Bu hallar 12-20 yaş arası qızlarda daha çox rast gəlinir. Xəstəliyin digər səbəbləri qida mərkəzinin üzvi zədələnmələri (şişlər, travma, insultzəhərlənmələr), sinir sisteminin funksional pozğunluqları (nevrozlarstress vəziyyətləri), endokrin xəstəliklər (hipofiz problemi, addison xəstəliyi), xroniki xəstəliklər (vərəm, şişlər), həzm orqanları xəstəlikləri (xroniki qastrit) və s. ola bilər. Uşaqlarda isə anoreksiya qidalanma rejiminin dəyişdirilməsi, vitamin çatışmazlığı, həddən artıq, yaxud məcburi yedizdirildikdə və s. hallarda müşahidə olunur.


Anoreksiya zamanı bədənin çəkisi azalır, aclıq hissi zəifləyir, endokrin pozğunluq, distrofik dəyişikliklər, bağırsaqlarda problemlər, anemiyamaddələr mübadiləsinin pozulması baş verir. Kəskin arıqlama zamanı ürək ritminin pozulması nəticəsində ölüm halları baş verir.


Anoreksiyanın müalicəsi


Anoreksiyanın müalicəsi xəstənin diaqnostikasına əsasən psixiatr, dietoloq, psixoloq, endekrinoloq, fizioterapevt və digər mütəxəssislər tərəfindən birgə aparılır və normal çəki əldə edilənə qədər davam etdirilir. Xəstə bədən çəkisinin 30 faizini itirdiyi halda müalicə xəstəxana şəraitində aparılır.  

Şərhinizi əlavə edin