Məqalə

07.06.2020 23:24

Qadınlarda tüklənmə

Qadınlarda tüklənmə

333

Hirsutizm (tüklənmə) qadınlarda terminal tüklərin kişi tipində artmasıdır. Hirsutizm kosmetik və psixoloji dəyişikliklər yaratmaqla yanaşı, qadın sağlamlığına zərər vuracaq qədər problemlərə səbəb olur. Bu hal çox zaman qanda kişi hormonlarının (androgenlərin) hər hansı səbəbdən artması nəticəsində yarandığına görə, hirsutizmə sadəcə patoloji tüklənmə kimi deyil, çox ciddi xəstəliklərin əlaməti kimi baxılmalıdır. Əgər qanda kişi hormonları artmadığı halda tüklənmə varsa, ultrasəs müayinəsində “polikistik over” mövcud deyilsə və pasiyentdə aybaşı düzənsizliyi yoxdursa, bu hal idiyopatik hirsutizm olaraq dəyərləndirilir və müalicə tələb etmir. Hirsutizmə səbəb olan xəstəliklər:


1. Yumurtalıqların polikistoz sindromu;


2. İdiyopatik hirsutizm;


3. İdiyopatik hiperandrogeniya;


4. Böyrəküstü vəzi qabığının anadangəlmə disfunksiyası (qeyri-klassik


forma);


5. Androgen ifraz edən böyrəküstü vəzin şişləri;


6. Androgen ifraz edən yumurtalıq şişləri;


7. Digər endokrin səbəblər: kuşinq sindromu, akromeqaliya, hiperprolaktinemiya, piylənmə, birincili hipotireoz;


8. Anadangəlmə hipertrixoz (tüklənmə);


9. Medikamentoz (bəzi dərmanların qəbulu tüklənməyə səbəb olur);


10. Ciddi insulin dirənci yaradan sindromlar (HAİR-AN sindromu).


Tüklənmə ən çox androgenə həssas bölgələrdə - üst dodaq, çənə, sinə, göbək üstü, bazu , bud, kürək və bel nahiyəsində müşahidə olunur. Adətən tüklənmə ilə yanaşı qadınlarda menstrual düzənsizlik, üzün, kürəyin, saçların yağlanması, sızanaqların


çıxması (akne), boyun və qoltuqaltı nahiyədə dərinin qaralması (acantozis nigricans), alın hissədən tük tökülməsi (androgenik alopesiya), piylənmə, sonsuzluq, səs tembrinin enməsi (barifoniya), klitorun böyüməsi, əzələ kütləsinin artması, cinsi həvəsin azalması və s. kimi şikayətlər də rast gəlinə bilər.


Xəstəliyin diaqnozu qanda hormonal sınaqların və yumurtalıqların USM müayinəsinə əsaslanır.


Hirsutizmin müalicəsində tüklənməyə yol açan alt səbəblər araşdırılmalı və aradan qaldırılmalıdır. Androgen ifraz edən şiş varsa cərrahi yolla çıxarılmalı, digər endokrin xəstəliklər (kuşinq, hiperprolaktinemiya, akromeqaliya , piylənmə və s.) müalicə olunmalıdır.


Tüklənmənin dərmanla yanaşı kosmetik müalicəsi də var ki , buna son zamanlar geniş istifadə olunan lazer epilyasiyasını misal çəkmək olar. Lazer epilyasiyası hormonal müalicəyə başladıqdan 6-9 ay sonra edilməlidir. Beləliklə, tüklənmə tək kosmetik qüsur deyil, həmçinin endokrin patologiyadır.

Şərhinizi əlavə edin