Məqalə

07.06.2020 23:26

Peyvəndlərdən imtina edilməlidirmi?

Peyvəndlərdən imtina edilməlidirmi?

344

Səhiyyə Nazirliyi ölkə üzrə peyvənd planının 95-97% yerinə yetirildiyini bildirsə də, bundan imtina edənlərin cüzi də olsa artdığı müşahidə olunur. 2015-ci ildə Azərbaycanda peyvəndlərdən imtina edən valideynlərin sayı 1,2 % idisə, 2018-ci ildə bu göstərici 1,6 % olmuşdur. Onların bir qismi bunu ölkəyə gətirilən vaksinlərin aşağı keyfiyyəti, digərləri isə uşaqların peyvəndlərə qarşı allergik reaksiyası ilə izah edir. 2019-cu ildə Səhiyyə Nazirliyi tərəfindən qızılca xəstəliyinin Azərbaycanda yayılmasının qarşısını almaq məqsədilə immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalanmışdır. Hazırda Azərbaycanda Hepatit B, vərəm, difteriya, göyöskürək, tetanus, poliomielit, B tipli hemofil infeksiya, qızılca, parotit, məxmərək xəstəliklərinə qarşı peyvəndlər aparılır. Səhiyyə Nazirliyinin milli peyvənd təqdiminə əsasən, uşaqlara vaksinlər 0-6 yaşına qədər müəyyən edilmiş vaxtlarda vurulur. Dövlət səhiyyə ocaqlarında peyvəndlər pulsuz, özəl tibb müəssisələrində isə ödənişli əsaslarla edilir. Səhiyyə Nazirliyinin məlumatlarına əsasən Azərbaycana vaksinlər 2014-cü ildən UNİCEF-in xətti ilə daxil olur və bütün preparatlar Ümumdünya Səhiyyə Təşkilatının prekvalifikasiyasını keçir. Ölkəmizdə hal-hazırda Belçika, Hollandiya, İndoneziya, Hindistan, Cənubi Koreya, Bolqarıstan, Britaniya Krallığının istehsalı olan vaksinlərdən istifadə edilir. ÜST peyvəndləşməni dəstəkləyir. Qurum bu gün bir çox ölkələrdə vaksinasiyadan imtina tendensiyasını dünya səhiyyəsinə ən böyük təhlükələr siyahısına daxil edib. Azərbaycanda peyvəndləşməni icbari edən qanun yoxdur. Bu, valideynin seçiminə buraxılır. Övladına peyvənd vurulmasını istəməyən valideynlər notarial qaydada yazılı imtina etməli və sənədi qeydiyyatda olduğu poliklinikaya aparmalıdır. Bu zaman valideyn bütün məsuliyyəti öz üzərinə götürmüş olur. ABŞ-ın ən böyük ştatlarında qızılca epidemiyasına görə peyvəndsiz uşaqların məktəbə davamiyyəti qadağan edilib, hətta imtina edənlərə cərimə tətbiq olunur.

Şərhinizi əlavə edin