Məqalə

15.09.2020 19:09

Həyata iti gözlərlə baxın

Həyata iti gözlərlə baxın

479

İlk baxışda çox sadə görünən göz əslində çox mürəkkəb quruluşa malikdir. O bir-biri ilə bağlı olan ayrı-ayrı hissələrdən ibarətdir.                                                                       

Görmədə iştirak edən əsas hissə gözün torlu qişasıdır ki, bu qişa da əslində beyində yerləşən görmə mərkəzinin periferik hissəsidir. Gözün optik hissəsi isə gözə düşən işıq şüalarını sındıraraq torlu qişaya çatdırır.

                                                                                                               

Normalda yığılan şüalar torlu qişanın üzərinə düşməlidir. Əgər şüalar torlu qişadan öndə və ya arxada yığılırsa zəif görmə əmələ gəlir. Optik sistemin işığı düzgün sındırmaması miopiya, hepermetropiya və ya astiqmatizmin əmələ gəlməsinə səbəb olur. Belə insanlar uzağı, bəzən isə həm uzaq, həm də yaxını pis görmədən şikayət edirlər.


Necə olur ki, həm yaxını, həm də uzağı eyni dəqiqliklə görə bilirik?


Bu sual yəqin ki, çoxlarını düşündürür. Bunu təyin edən gözün akkomadasiyasıdır. Akkomadasiya gözün müxtəlif məsafələrdə olan əşyaları eyni dəqiqliklə görməsi üçün şərait yaradan xüsusiyyətdir. Bu xüsusiyyət isə büllura aiddir. Büllur insan gözündəki təbii linzadır. Bu linza öz qabarıqlığını dəyişməyə qadirdir. Belə ki, uzağa baxdığımız zaman bu linzalar yastılaşır, yaxına baxdığımız zaman isə qabarır. Bu işdə isə büllura gözün içindəki əzələlər kömək edir. Bu, o qədər tez və ani baş verir ki, insan bunu hiss etmir. Allah insan gözünü çox mükəmməl yaradıb. Hətta ən müasir kameralarda belə bu proses, bu qədər ani və dəqiq olunur.                   

Bilməliyik ki, 40 yaşından sonra büllurun elastikliyi azalmağa başlayır və bununla əlaqədar yaxına baxdığımız zaman o öz qabarıqlığını artıra bilmir. Ona görə də bu yaşdan sonra yaxından görmə pozulur.                                                                                                            

Akkomadasiya ilə bağlı başqa bir patologiya məktəb yaşlı uşaqlarda, əsasən də yeniyetmələrdə müşahidə olunur. Niyə məhz çox oxuyan uşaqlarda gözlər zəifləyir? Bəli, bu yaşlarda yaxından görmə əmələ gəlir ki, buna da yalançı miopiya deyilir. Əslində isə bu akkomadasiyanın spazmasıdır. Bu zaman yaxına baxarkən yığılan əzələ uzağa baxdıqda boşala bilmir və belə insanlar uzağı zəif görür. Belə insanlarda baş ağrıları şəklində şikayətlər meydana çıxır. Baxmayaraq ki, bəzi eynəklərlə görməni korreksiya etmək mümkün olur ancaq belə hallarda qətiyyən eynəklərdən istifadə etmək olmaz. Bu görmənin daha da aşağı düşməsinə səbəb ola bilər.

Belə halda mütləq həkim-oftalmoloq görməni yoxladıqdan sonra bəbəyi genəltməli əzələlərin tam boşalmasından sonra müayinəni təkrarlamalıdır. Yalnız bundan sonra miopoyanın həqiqi və ya yalançı olduğu aşkar olunur və müalicə yaxud da eynək təyin olunur. Onu da qeyd etməliyəm ki, uşaqlarda və yeniyetmələrdə zəiflik hiss olunursa, vaxtında eynək təyin olunmalıdır. Belə ki, uzun müddət eynək gəzdirməyən uşaqlarda göz tənbəlliyi yaranır. Hər hansı bir refraksiya zamanı hazır eynəklərdən istifadə olunmalıdır. Çünki insanların fərdi olaraq göz bəbəkləri arasındakı məsafə müxtəlifdir. Eynək təyini zamanı isə bu məsafə mütləq nəzərə alınmalıdır. Görmə pozğunluqları zamanı həm də kontakt linzalardan istifadə olunur.                                                

Gözlərimiz bizim üün çox qiymətlidir. Hər bir görmə pozğunluğu zamanı vaxtında həkimə müraciət etsəniz, zəifliyi daha tez aradan götürmək mümkün olar. Çünki bəzi hallarda əlimizdən alınan görmə geri qaytarılmır.


Gəlin həyata sağlam və iri gözlərlə baxaq!                                                                                                                                                                  


Həkim-oftalmoloq Anur Novruzova       

Şərhinizi əlavə edin