Məqalə

27.06.2021

Yalın ayaqla avtomobil idarə etmək ciddi fəsadlara səbəb ola bilər

 

Diqqətlə nəzər yetirsəniz görərsiniz ki, avtomobilin ayaqla idarə olunan pedalları elə quraşdırılmışdır ki, onları təxminən 2-5 sm hündürlükdə dabanı olan ayaqqabı ilə idarə etmək daha asan və rahat olur. Avtomobili yalın ayaqla idarə etdikdə topuq oynağında ayaq normalda olduğundan artıq dərəcədə əyilməli olur. Nəticədə ayağın və baldırın bəzi əzələləri tez yorulur, hətta belə vəziyyətdə uzun müddət avtomobil sürdükdə keyləşmə də ola bilər.  Avtomobili hündür dabanlı (5 santimetrdən artıq) ayaqqabı ilə idarə etdikdə isə topuq oynağında ayaq normalda olduğundan artıq dərəcədə açılmalı olur (pəncə dartılmalı olur), nəticədə yenə də həmin əzələlər yorulur və keyləşmə də mümkündür. Buna görə də sürücülər, xüsusən də hündürdaban ayaqqabı həvəskarı olan xanımlar ayaqqabılarına diqqət yetirməlidirlər.
Təhlükəsizliyin təminatı üçün ayaqqabının ayağa yaxşı geyinilmiş olmasına, ayaqdan çıxmamasına, habelə ayaqqabının ora-bura ilişməməsinə nəzər yetirmək mütləqdir. Təhlükəli hallar eyni zamanda çəkələklə maşın sürəndə yaranır. Çəkələk daban tərəfdən ayaqla bağlı olmadığına görə insanın ayağı çəkələkdən sürüşüb çıxa bilir. Çəkələyin pedallara ilişərək  pedallar üzərində ayağın yerini dəyişməyə mane olma ehtimalı çoxdur. Belə halda sürücünün diqqəti bir neçə saniyəlik belə olsa idarəetmədən kənarlaşmasına səbəb ola bilər. Avtomobillə hərəkət zamanı isə sürücünün diqqət və reaksiyasının bir saniyə də gecikməsi ən ağır faciələrə gətirib çıxara bilər.

Beləliklə, yol hərəkəti qaydaları sürücünün geyiminə və ayaqqabısına dair heç bir tələb irəli sürmür. Buna görə də hər hansı geyimə və ayaqqabıya görə sürücünün cərimələnməsi nəzərdə tutulmur. Amma hərəkət təhlükəsizliyi qaydaları avtomobili idarə edərkən münasib ayaqqabıdan istifadə etməyi tövsiyə edir və həmin tövsiyəyə mütləq riayət etmək lazımdır. Hər bir halda təhlükəsizliklə bağlı hər şeyə son dərəcə diqqətlə yanaşmaq zəruridir

 

 

Şərhinizi əlavə edin