“Azərbaycanın potensialı var ki, bu siyahıdan çıxa bilsin” – MÜSAHİBƏ
8,9 may tarixlərində ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-nin mənzil qərargahında vərəmlə universal tibbi təminatla bağlı bütün tərəflərin iştirak etdiyi dinləmələr keçirilib. Bu dinləmədə Sağlamlığa Xidmət İctimai Birliyinin icraçı direktoru, Azərbaycanın Vərəm əleyhinə Koalisiyasının üzvü, Vərəmlə Mübarizə üzrə Avropa Koalisiyasının idarə heyətinin üzvü Pərvanə Vəliyeva da iştirak edib.
Mütəxəssisin medicalmedia.az-ya verdiyi açıqlamasını təqdim edirik.
– Pərvanə Xanım, ilk olaraq istərdik ki, Nyu-Yorkda keçirilən dinləmədəki çıxışınızdan danışasız. Ümumiyyətlə, dinləmənin keçirilmə məqsədi nədən ibarət idi?
– Sualınız üçün təşəkkür edirəm. Bu dinləmələrin əsas məqsədi ondan ibarətdir ki, bu ilin 22 sentyabr tarixində BMT-in mənzil qərargahında Baş Assambleyanın vərəmlə bağlı yüksək səviyyəli görüşü keçiriləcək. Və o görüşdə BMT-yə üzv olan dövlətlər siyasi bəyannamə qəbul edəcəklər. Bununla da üzv ölkələr vərəmlə bağlı mübarizədə daha effektiv olmaq üçün siyasi öhdəliklərə imza atıb, öz ölkələrində vərəmlə bağlı mübarizəni gücləndirəcəklər. Əlavə məlumat üçün qeyd edim ki, dinləmələrdə 45-ə yaxın ölkənin nümayəndəsi, o cümlədən 60 nəfər nümayəndə iştirak edirdi. Həmçinin əlavə edim ki, dinləmələrdən öncə “Stop Vərəm” Tərəfdaşlığının dəstəyi ilə 45-ə yaxın ölkənin BMT-də yerləşən daimi nümayəndəliklərində, o cümlədən BMT-də yerləşən Azərbaycanın daimi nümayəndəliyində müşavirlə görüş keçirildi. Görüşdə Azərbaycanın vərəmlə mübarizə sahəsində olan uğurları vurğulandı və ölkəmizdə vərəmlə bağlı vəziyyət onların diqqətinə çatdırıldı. Həmçinin qeyd olundu ki, COVID-19 pandemiyası dövründə Azərbaycan vaksinlərin bərabər ədalətli bölgüsü ilə bağlı bütün dünyaya humanistlik nümayiş etdirdi. Vurğulandı ki, pandemiya dövründə Azərbaycan ÜST-ə 5 milyon ABŞ dolları məbləğində xəstəliklə mübarizə istiqamətində səylərinin gücləndirilməsi üçün ianə edib, əlavə olaraq 5 milyon ABŞ dolları məbləğində ianə isə Qoşulmama Hərəkatına üzv olan aşağı və aşağı-orta gəlirli ölkələrin pandemiya ilə effektiv mübarizə aparılması üçün üsib. Xüsusi bildirməliyəm ki, görüşdə Azərbaycanın bu cür addımları yüksək qiymətləndirildi. Və şübhəsiz qeyd olundu ki, Azərbaycanın vərəmə də son qoya biləcək potensialı və resursları var. Biz düşünürük ki, Azərbaycan 2030-cu ilə qədər dayanıqlı inkişaf məqsədləri olan 3 yaxşı səhiyyə və rifah məqsədinə nail olacaq və vərəmə son qoymağı bacaraq.
– Səhv etmiriksə bu istiqamətdə növbəti iclas Düşənbədə keçiriləcək. Bəs bu iclasda nələr müzakirə olunacaq və sizin çıxışınız hansı istiqamətləri əks etdirəcək?
– Düşənbədə isə Regional Vətəndaş Cəmiyyətlərinin forumu keçiriləcək. Bu forumda dünyanın 50-dən çox ölkəsindən nümayəndənin cəlb olunması, həmçininin orda da 22 sentyabr tarixində planlaşdırılan vərəmlə bağlı siyasi bəyannamənin müddəaları müzakirə olunacaq. Qeyd edək ki, bəyannamə BMT-də dinləmələrdə Baş Assambleyaya təqdim olundu. Sənəd dünyanın bir çox ölkəsindən olan ekspertlər tərəfindən peşəkarlıqla hazırlanıb. Əlbəttə hazırlanma prosesində bütün maraqlı tərəflər, QHT-lər, o cümlədən vərəmin təsirinə məruz qalmış şəxslərin istəkləri,ehtiyacları dinlənilib, nəzərə alınmaqla hazırlanıb.
Biz çalışırıq ki, bu sənəddə qeyd olunan bütün müddəaların siyasi bəyənnamədə öz əksini tapmasına nail olaq.
– Pərvanə xanım, məlumdur ki, vərəm dünyada ən çox ölümlə nəticələnən yoluxucu xəstəlik hesab olunur. Mütəxəssislər bildirirlər ki, xəstəliklə bağlı aşağı və aşağı-orta gəlirli ölkələrdə vəziyyət daha gərgindir. Bu yöndə ölkəmizdəki vəziyyətdən danışsaq,nələri qeyd edərsiz? Ümumiyyətlə, vərəmlə bağlı ölkəmizdəki vəziyyəti necə qiymətləndirirsiniz?
– Məlumdur ki, dünyada hər il 10 milyondan çox insan vərəmə yoluxur və 2 milyona yaxın insan yoluxucu xəstəlikdən dünyasını dəyişir. Vərəm sərhəd tanımır. Qlobal səhiyyəni təhdid edən bir xəstəlikdir. Biz dünyadakı ən sonuncu insanı müalicə etməyənədək vərəmə son qoya bilmərik. Vərəmlə bağlı ölkədəki vəziyyət son dövrlərdə ürəkaçan olsa da, ÜST-ün yeni strategiyalarına istinadən müalicələr aparılsa da, qonşu ölkələrdə, eyni zamanda sizin də vurğuladığınız kimi bizim dəstəklədiyimiz Qoşulmama Hərəkatına üzv olan aşağı və aşağı-orta gəlirli ölkələrdə vərəmin vəziyyəti çox acınacaqlıdır. Təəssüflə qeyd edirəm ki, ölkəmiz dərmanlara davamlı vərəmin ən çox yayıldığı 30 ölkə içərisində yer alır. Ancaq biz düşünürük ki, dərmanlara davamlı vərəmin də müalicəsi əlçatandır. Və Azərbaycanın da kifayət qədər potensialı var ki, 2030-cu ilə qədər bu siyahıdan çıxa bilsin.
Zeynəb Müzəffərli