Belarusun ölkəmizdəki səfiri ilə görüş keçirilib


AZƏRBAYCAN RESPUBLİKASININ SƏHİYYƏ NAZİRLİYİ
Səhiyyə Nazirliyində Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Dmitri Pineviçi Belarusun ölkəmizdəki səfiri vəzifəsinə yeni təyin olunması münasibətilə təbrik edib.
Teymur Musayev səhiyyə sahəsində ölkələrimiz arasında səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Nazirin sözlərinə görə, tibbin onkologiya, transplantologiya, kardiologiya, neyrocərrahiyyə və s. sahələrində çalışan mütəxəssis və həkimlərə təcrübə mübadiləsi və ixtisasartırma üzrə tədbirlərdə iştirak etmək üçün mütəmadi olaraq qarşılıqlı səfərlər təşkil olunur.
Əczaçılıq sənayesinin bütün dünyada innovativ inkişaf baxımından mühüm yer tutduğunu vurğulayan Teymur Musayev, həmçinin ölkələrimiz arasında bu sahədə uğurlu əməkdaşlığın olduğunu qeyd edib.
Öz növbəsində Dmitri Pineviç Azərbaycan-Belarus münasibətlərin böyük yol keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.
Görüşdə tərəflər əczaçılıq sənayesi, tibb kadrlarının hazırlanması və səhiyyə sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.