Beyin siqnallarını ölçən görünməz elektrod yaradılıb

2 DƏFƏ DAHA MÖHKƏMDİR
Alimlər insan saçının qalınlığında elektroensefaloqrafiya (EEG) elektrodu hazırlayıb.
ABŞ-ın Pensilvaniya ştat universitetindən olan alimlər, beynin fəaliyyətini ölçmək üçün 3D printerlə hazırlanmış yeni elektroensefaloqrafiya (EEG) elektrodu yaradıb. Bu elektrodun eni cəmi 300 mikrometrdir və insan saçına bənzəyir.
Elektrod polimer hidrogel materialından hazırlanıb və dəriyə bioyapışqan vasitəsilə bərkidilir. Bu yapışqan elektroensefaloqrafiya üçün istifadə olunan gelə nisbətən 2 dəfə daha möhkəmdir. Elektrod həmçinin müxtəlif saç rənglərinə uyğunlaşdırıla bilər, bu da onu demək olar ki, görünməz edir.
Yeni texnologiya epilepsiya və yuxu pozuntularının diaqnostikasında daha dəqiq və rahat monitorinq imkanı yaradır. Elektrod 24 saat ərzində dəriyə möhkəm yapışaraq sabit siqnal keyfiyyətini qoruyur və hərəkət azadlığını məhdudlaşdırmır.