“Dəmir adam” iflic insanların ümidi oldu

Cənubi koreyalı tədqiqatçılar, paraplegiyalı, yəni aşağı ətrafları iflic olan insanların gəzməsinə kömək edən «Dəmir adam» adlı robot hazırlayıb. Robot, hərəkətsiz qalan xəstələrə uyğunlaşa bilir, onlara qoşularaq gəzmək, oturmaq, maneələri aşmaq və pilləkənləri çıxmaq kimi imkanlara sahibdir.
Koreya İnnovasiya Elm və Texnologiyalar İnstitutunun (KAIST) Ekzoskeletlər Laboratoriyasının komandası bildirib ki, onların məqsədi əlil insanların gündəlik həyatına asanlıqla inteqrasiya oluna bilən bir robot yaratmaqdır. Rəsmi adı “WalkON Suit F1” olan aktiv ekzoskelet alüminium və titandan hazırlanıb, çəkisi 50 kiloqramdır və 12 elektron mühərriklə işləyir, bu mühərriklər insanın yeridiyi zamanı oynaqlarının hərəkətlərini təqlid edir. Tarazlığı təmin etmək üçün robot, ayaq altlarında və bədənin yuxarı hissəsində yerləşən sensorlarla təchiz edilib. Robotun ön hissəsindəki linzalar gözlər kimi işləyir, ətraf mühiti analiz edir, pilləkənlərin hündürlüyünü müəyyənləşdirir və maneələri aşkar edir.
«O, harada olmağımdan asılı olmayaraq, hətta əlil arabasında oturarkən belə mənə yaxınlaşa bilər və ayağa qalxmağa kömək edə bilər, bu onun fərqləndirici xüsusiyyətlərindən biridir», deyə robotu hazırlayan və özü də alt ətrafların iflicindən əziyyət çəkən Kim Sın Hvan bildirib.
Qeyd edək ki, Kim Sın Hvan, bu ixtiraya görə xüsusi mükafat qazanıb.