Elmi nəşriyyatlara etibar azalıb
SÜNİ İNTELLEKT DƏYƏRLƏRİ SARSIDIR
Elmi nəşriyyatlara etibar günü-gündən azalır.
İspaniyanın Sevilya Universitetinin Biznes və Marketinq Departamentinin fəlsəfə doktoru Maria Angeles Oviedo-García tərəfindən aparılan araşdırmanın nəticələri dərc olunan tədqiqatların həqiqiliyi ilə bağlı narahatlıqları artırır. “Science” jurnalının və Amerikanın “Retraction Watch” bloqunun təhlili də bu araşdırmanın nəticələrini təsdiqləyir.
“Science” jurnalının hesabatına görə, əksər nəşrlər süni intellekt tərəfindən hazırlanan məqalələr və şablon şərhlərlə dolub-daşır. “Neurosurgical Review” jurnalının baş redaktoru, tibb elmləri doktoru Daniel Prevedello, jurnalın nüfuzuna xələl gətirdiyi üçün bu cür təqdimatları dayandıracağını açıqlayıb.
Fəlsəfə doktoru Maria Angeles Oviedo-García “Oral Oncology Reports” jurnalında məqalələrin 70%-nin, “International Journal of Surgery Open” nəşrində isə demək olar ki, mətnlərin yarısının şablon təqdimatlar olduğunu bildirib.
Tədqiqaçı qeyd edir ki, 37 jurnalın 263 rəyində təxminən eyni cümlələrdən istifadə edilən şablon mətnlərlə üzləşib. Bəzi nəşrlər elmi məqalə nəşrini biznesə çevirib, maddi gəlir müqabilində mətnlərin həqiqiliyi yoxlamadan dərc edir. Alimlər isə karyera və CV faktorlarına görə belə şablon mətnlərə üz tutur, deyə alim açıqlayıb.