Görmə itkisinin qarşısını alan implant hazırlanıb

ABŞ QİDA VƏ DƏRMAN ADMİNİSTRASİYASI
Torlu qişa xəstəliklərində görmə itkisinin qarşısını alan yeni implantat hazırlanıb.
ABŞ Qida və Dərman Administrasiyası (FDA) torlu qişa xəstəliyi olan makulyar teleangiektaziya tip 2-nin (MacTel Tip 2) müalicəsi üçün ilk implantatı – ENCELTO-nu təsdiqləyib. Bu nadir göz xəstəliyi əsasən mərkəzi görmənin zəifləməsi ilə müşahidə olunur. Bu cihaz gözün içinə cərrahi yolla yerləşdirilir və burada xüsusi görmə zülalı davamlı şəkildə ifraz olunur. Bu zülal torlu qişa hüceyrələrini qoruyur və xəstəliyin inkişafını yavaşladır. Klinik sınaqlarda cihazın yüksək effektivliyi sübut olunub. Müşahidələrə əsasən, implant 14 ildən artıq müddətdə aktiv qalır və 24 ay ərzində torlu qişada degenerativ dəyişikliklərin artımını nəzərəçarpacaq dərəcədə ləngidir.
Qeyd edək ki, bu, FDA tərəfindən neyrodegenerativ oftalmoloji xəstəlik üçün təsdiqlənmiş ilk hüceyrə əsaslı terapiyadır. ENCELTO gələcəkdə glaukoma və yaşa bağlı makulyar degenerasiya xəstəliklərinin də müalicəsində istifadə oluna bilər.