Göy öskürəkdən iki körpə ölüb

PEYVƏND OLUNMADIQLARI İDDİA OLUNUR
Amerika Dövlət Səhiyyə Departamentinin məlumatına görə, Luiziana ştatında son altı ayda iki körpə göy öskürəkdən ölüb. Bunlar 2018-ci ildən bəri ştatda xəstəlikdən ilk ölümlərdir. Uşaqların göy öskürəyə qarşı peyvənd olunmadığı iddia edilir. 2024-cü ildən bəri ölkədə 154 hadisə qeydə alınıb. Bunlardan 110-u Luiziana ştatındandır.
Göy öskürək – yuxarı tənəffüs yollarının iltihabı və tutmaya bənzər spazmatik öskürəklə müşayiət olunan kəskin infeksion xəstəlikdir.
Bu xəstəliyə daha çox 5 yaşa qədər peyvənd olunmamış uşaqlar yoluxurlar. Göy öskürək 1 yaşa qədər uşaqlarda daha ağır gedişata malikdir.
Göy öskürək “Bordetella pertussis” adlı spesifik bakteriya tərəfindən törədilir. Mikrob xəstə insanla yaxın təmas zamanı hava-damcı vasitəsilə (öskürək, asqıraq və s.) yoluxur.
Xəstəlikdən sonra yaranan immunitet çox dayanıqlıdır və adətən, ömürlük saxlanılır. 1940-cı illərdən bəri uşaq peyvəndləri arasında tətbiq olunmasına baxmayaraq, göy öskürək hələ də hər il 300 min ölümə səbəb olur.