İdman zalları insanları ölümə aparır- KARDİOLOQ
“İdman zallarında qəfil ölümlərin səbəbi düzənsiz hormon qəbuludur. Süni şəkildə bədənə hormon vurulması ürək problemləri yarada bilər. Ürək əzələsinin yığılma gücü azala və damar daralması baş verə bilər. Bu da ani və qəfil ölümlərə gətirib çıxarır”.
Bunu Medicalmedia.az-a özəl açıqlmasında kardioloq Günay Rəhimova deyib.
Həkim qeyd edib ki, hazırda idmanla məşğul olan insanlara daha tez nəticə vermək üçün idman zallarında tibbi biliyi olmayan şəxslər tərəfindən qeyri-normal qidalanma tövsiyə edilir. Bundan başqa bədəndə müxtəlif hormonların səviyyəsi süni şəkildə artırılır, bəzilərinin səviyyəsi aşağı salınır. Heç bir analiz verilmədən, həkim diaqnozu və müayinəsi olmadan hormon qəbulu çox ciddi problemlər yarada bilər.
Mütəxəssisin sözlərinə görə, normaya uyğun olmayan qidalanma da digər orqanların fəaliyyətinə zərər vura bilər. Məsələn böyük miqdarda gündəlik ət, yumurta qəbulu hormon səviyyəsini artırsa da, digər orqanların fəaliyyətində ciddi problemlər yarada bilər. Bütün bunların idman zallarında məşqçilər və digər şəxslər tərəfindən tövsiyə edilməsi yanlışdır. Bu məsləhətləri verə bilmək üçün tibbi təhsilin olması və şəxsin ciddi müayinələrdən keçməsi vacibdir. Əks halda ani ürəktutması və ölüm riski qaçınılmazdır.
Zeynəb Müzəffərli