Lerikdə ödənişsiz Tibbi muayinə

300 NƏFƏRƏ XİDMƏT GÖSTƏRİLİB
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Konfederasiyanın üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Həmkardan həmkara qayğı ilə” yeni sosial layihəyə başlanılıb.

Layihə çərçivəsində ilk səyyar tibbi müayinə aprelin 10-11-də dağlıq rayon Lerikdə təşkil olunub.
Lerik Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən ödənişsiz səyyar tibbi müayinə zamanı oftalmoloq, otorinolarinqoloq, endokrinoloq, nevroloq, uşaq nevroloqu, infeksionist, pediatr və travmatoloqdan ibarət peşəkar həkim heyəti tərəfindən müayinələr aparılıb.

İki gün ərzində ümumilikdə 300-ə yaxın aztəminatlı və ehtiyacı olan vətəndaşa 600-dən çox tibbi xidmət göstərilib. Səhhətində problem aşkarlanan sakinlərə tibbi məsləhətlər verilib, müvafiq müalicələr təyin olunub.