MedNews

15.10.2021

Uşağın qızdırması olan zaman ilk növbədə nə etməli? - Həkim ŞƏRHİ

“Med News”

Qızdırma bədənin hər hansı bir infeksiyaya reaksiyasıdır. Yenidoğulmuş körpələrdə qızdırma, bədənin dehidrasiyası və ya isti iqlim şəraitində körpənin həddindən artıq məruz qalması səbəbindən baş verir.

 

“Med News” xəbər verir ki, bu barədə uzman pediatr Elşad Şixəliyev məlumat paylaşıb. Aztibb.az həkimin uşaqda qızdırma olan zaman valideynlərin nə etməsi ilə bağlı tövsiyələrini təqdim edir.

 

- İdman, həddindən artıq soyunma, isti hamam, isti hava, isti yemək və içkilər sağlam uşağın bədən istiliyini yüksəldə bilər.

- Valideynlər bilməlidir ki, körpələrdə hərarətin bir qədər yüksəlməsi heç də hər hansı bir xəstəliyin əlaməti deyil. Xəstəliyin digər əlamətlərinin olmaması fonunda 1 yaşadək olan uşaqlarda temperaturun 37,2 C-dək olması normal hesab edilir.

- Əlbəttə ki, uşaqlarda temperaturun yüksəlməsinin ən çox yayılmış səbəbləri – kəskin respirtor virus infeksiyası (KRVİ), qrip, angina və s. xəstəliklər olur. Temperaturun yüksəlməsi hər hansı bir infeksiyaya qarşı bədənin təbii reaksiyasıdır.

- Temperaturun yüksəlməsi iştahın azalmasına, uşağın az hərəkət etməsinə səbəb olur. Bu isə xəstəliyə qarşı mübarizədə vacib olan - bədən enerjisinə qənaət etməyə imkan verir. Beləliklə, temperaturun müəyyən səviyyəyə qədər yüksəlməsi, bədənə nəinki ziyan vurmur, hətta əksinə olaraq, xəstəliyə qarşı mübarizədə qalib gəlməkdə orqanizmə kömək edir. Lakin hərarətin çox yüksəlməsi uşaq orqanizmi üçün olduqca təhlükəlidir.

 

Uşaqda yüksək hərarət olarsa, nə etmək lazımdır?

 

- Paltarlarına diqqət edin: 38,5 dərəcə hərarəti olan uşağınızın üzərindəki üst geyimləri çıxarın.

- Maye qəbuluna diqqət edin: bol miqdarda su və sulu qidalar qəbul etməsini təmin edin.

- Mühitin istiliyini nəzərə alın: uşağın olduğu otağın istiliyini 21-22 dərəcə arasında saxlamağa çalışın.

- İlıq duş aldırın: 29-32 dərəcə istilikdəki ilıq suyla duş aldırın və ya yaş bezlə kompres edin.

- Hərarət salan həblər verməyin: qızdırma getdikcə qalxarsa, həkiminizlə məsləhətləşib, uşağa hərarət salan həblər verə bilərsiniz.

Şərhinizi əlavə edin