Musiqiçilərin eşitmə qabiliyyətini qorumağın yolu tapılıb
ARAŞDIRMA
Musiqiçilərin eşitmə qabiliyyətini qorumağın yeganə yolu tapılıb. Mütəxəssislər musiqiçilərə uşaqlıqdan qulaq tıxaclarının istifadəsini öyrətməyi tövsiyə edib.
Hollandiyanın Eyndhoven Texnologiya Universitetinin alimlərinin araşdırmasının nəticələri “Journal of the Acoustical Society of America” nəşrində dərc olunub.
Bir çox peşəkar musiqiçilər eşitmənin zəifləməsindən əziyyət çəkir. Son illərdə simfonik orkestrlər musiqiçilərin səs-küy yükünü azaltmağa kömək edə biləcək tədbirlər görməyə çalışır. Tədqiqatın müəllifləri isə belə qənaətə gəlib ki, bütün bu tədbirlər səmərəsizdir, çünki səs yükünün əsas mənbəyi alətin özüdür. Alətin yaratdığı səsin musiqiçinin qulağına çatan ümumi səs-küy səviyyəsi, orkestrin bütün alətlərinin birlikdə verdiyi səslə təxminən eynidir. Buna görə də, hətta evdə, orkestrdən kənarda alət ifa etmək, ifaçının eşitmə qabiliyyətinə yüksək səs yükü yaradır.
Ən zərərli təsir trubaçıların və fleytaçıların qulaq pərdələrində baş verir. Xüsusilə gur çıxan pasajlar zamanı alətləri onlara 95-dən 100 desibelə qədər səs ötürür. Skripka və alt alətinin səs səviyyəsi 90 desibeli keçə bilər ki, bu da təxminən rok-konsertindəki səs yükünə bərabərdir. Avropa İttifaqı ölkələrində müəyyən edilmiş qaydalara görə, 85 desibeldən yüksək səs zamanı qulaq tıxaclarından istifadə etməyi tövsiyə edilir.
Müəlliflərinin fikrincə, səs-küyə qarşı qulaq tıxacları musiqiçilərin eşitmə qabiliyyətini xilas edə biləcək yeganə effektiv vasitədir. Tədqiqatın aparıcı müəllifi, akustika mütəxəssisi Remy Wenmaekers, “Eşitmə qabiliyyəti pisləşən musiqiçi işini itirmək riski daşıyır, buna görə də bu qulaqcıqlardan istifadə mütlləqdir”, deyib. Eyni zamanda o qeyd edib ki, musiqiçilər çox vaxt keyfiyyətli ifaya mane olduğu üçün səs küydən qoruyan qulaq tıxaclarından qəsdən imtina edir.