Nazirlik maska taxmağı tövsiyə etdi
METAPNEVMOVİRUS TƏHLÜKƏLİDİRMİ?
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin rəsmi saytında yeni yayılan metapnevmovirus haqqında informasiya verilib.
Məlumatda deyilir ki, hər il Şimal Yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda mövsümi qrip (influenza) və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır. Rəsmi mənbələrdən alınmış məlumatlara əsasən sözügedən xəstəliklərin daha bir təzahürü olan metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxstan və Rusiya Federasiyasında müşahidə olunur.
Metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir.
Nazirliyin rəsmi elektron səhifəsində verilən məlumatda metapnevmovirusun simptomları və müalicə üsulu barədə də informasiya verilib.
Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə, həmçinin əl gigiyenasına riayət etməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir. Hər hansı respirator simptomları olan şəxslərin ev şəraitində simptomatik müalicə alması məqsədəuyğun hesab olunur.