Pandemiya sazişi qəbul edilib


ÜMUMDÜNYA SƏHİYYƏ TƏŞKİLATI

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr mayın 19-dan 27-dək Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasının 78-ci sessiyasında pandemiya ilə mübarizə üzrə sazişin qəbul edilməsinə səs verib. İclasda iştirak edən 124 üzv ölkə sazişin lehinə səs verib. Əleyhinə səs verən olmayıb..
İsrail, İran, İtaliya, Polşa, Rusiya və Slovakiya da daxil olmaqla 11 ölkə bitərəf qalıb. Müqavilənin təsdiqlənməsi üçün 83 səs çoxluğu tələb olunub. Saziş layihəsi mayın 20-də Ümumdünya Səhiyyə Assambleyasının plenar sessiyasında rəsmi olaraq qəbul ediləcək.
Pandemiya ilə mübarizə üzrə saziş gələcək pandemiya təhdidlərinin qarşısının alınması və cavab tədbirlərinin görülməsində qlobal əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
Müqavilə layihəsinə əsasən, ÜST ölkələri patogenlərə çıxış və faydaların bölüşdürülməsi sistemi yaratmağı və peyvəndlərin, testlərin və pandemiya ilə əlaqəli digər tibbi ləvazimatların istehsalı üçün bilik və texnologiyanın ötürülməsində bir-birinə kömək etməyi öhdəsinə götürür.
Razılaşma həmçinin inkişaf etməkdə olan ölkələrə yardım göstərmək üçün maliyyə koordinasiya mexanizminin yaradılmasını, eləcə də qlobal təchizat zəncirinin və logistika şəbəkəsinin yaradılmasını əhatə edir.