Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışında iştirak edib, iaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar.
Dövlətimizin başçısı və birinci xanım Şuşa Müalicə-Sağlamlıq Mərkəzində aparılan tikinti işləri ilə tanış olublar.
Xatırladaq ki, təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan bu tibb ocağı 90 çarpayılıqdır və 6 korpusdan ibarətdir.
Stasionar xidmət sahəsində terapiya, pediatriya, cərrahiyyə, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq.
Mərkəzin Təcili Tibbi Yardım Stansiyası müasir standartlara cavab verən avadanlıqla təchiz olunacaq.
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin ərazisində, eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunub.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı, tibb xidmətlərinin müasir səviyyədə təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir. Şuşada bu cür tibb ocağının yaradılması bunun əyani göstəricisidir. Şuşa Müalicə Sağlamlıq-Mərkəzi şəhərdə yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində icra olunan sosial infrastruktur layihələrindən biridir.