Saxta plastik cərrahlarla bağlı nazirlik və prokurorluq məlumat yayıb

Saxta plastik cərrahlarla bağlı nazirlik və prokurorluq məlumat yatıb

SƏNƏDLƏR NAZİLİYƏ TƏQDİM EDİLMƏLİDİR
Ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer almışdır. Səsləndirilən iddialarla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılmış və şübhəli məqamlar müəyyən edilmişdir. Əldə olunan məlumatlara əsasən bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılmışdır.
Plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranmışdır. Bununla bağlı, Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılmışdır.
Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.
Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaqdır.