Sinədə, döş qəfəsində olan ağrılar – Kardioloq Validə Ağayevadan ÇAĞIRIŞ


Araşdırmalara görə dünyada insanların 60 faizi  ürəklə bağlı şikayətlərdən sonra həyatını itirir. Son dövrlər ürək xəstəliklərinin gəncləşməsi barədə tez-tez eşidirik. Ürək xəstəliyinin gəncləşməsi səbəbindən ölümün gəncləşməsi sürətlə çoxalıb. Doğrudanmı, ürək xəstəliyi son dövrlərin bəlasına çevrilir? Əsl səbəb nədir, çıxış yolu varmı?

Bu və digər suallara cavab tapmaq üçün Medicalmedia.az  “Baku City Hospital”ın kardioloqu Validə Ağayeva ilə həmsöhbət olub.

Onunla müsahibəni təqdim edirik.
– Validə xanım, ən təhlükəli ürək xəstəlikləri hansılardır?
– Ürək xəstəlikləri insann ölümün birinci səbəbidir. Belə bir yazılmamış qanun var ki, sizin hansı nahiyə ilə bağlı olmasından aslı olmayaraq şikayətiniz varsa, bu o deməkdir ki, siz artıq gecikmisiniz. Yəni problem indi başlamayıb, şikayətiniz indi başlayıb. Şikayət başlamazdan əvvəl siz ümumi müayinələrdən keçməliydiniz. Yəni ürək xəstəliyi şikayətiniz varsa, deməli təhlükəli mərhələ başlayıb, çalışmaq lazımdı, bu şikayətlər olmasın.

– Belə çıxır, bütün növ ürək xətəlikləri təhlükəli kateqoriyasına daxildir?
– Öncə qeyd etdiyim kimi, xarakterindən asılı olmayaraq ürək xəstəliyi ağır mərhələyə keçməmiş müayinə və müalicə olunmalıdı. Ən təhlükəli və ən vacib ürək xəstəliyi şikayəti isə sinədə, döş sümüyünün arxasında, döş qəfəsində olan ağrılardır. Bu ağrılar sıxıcı, yandırıcı şəkildə müxtəlif xarakterli ola bilər. Bu ağrılar daha çox hərəkət edəndə, yol qət edəndə baş verir və ürək sıxılması, yanması halları yaşanır. Bir qədər dincəlməklə bu ağrılar keçir. Sadaladığım bu simptomlar artıq ürək simptomudur və çox təhlükəlidir. Artıq bu simptomlarla qarşılaşan insanın qan damarlarında hansısa problem ola bilər. Çox vaxt damar daralmasının əlamətlərindən olur.  Bu zaman gözləmədən həkimə müraciət etmək lazımdır.

– Ürək xəstəliyinin gəncləşməsi barədə fikirləri nə qədər doğru saymaq olar?

–  Ürək xəstəliyinin gəncləşməsi daha çox ətraf mühitə və yaşayış tərzinə bağlıdır. Sosial şəbəkə seqmentinə artan maraq, informasiyanın hədsiz çoxalması, ağrılı xəbərlərin bir-birini sürətlə əvəzləməsi, qida rasionumuzun genişlənməsi və sairə kimi elementlərin yaratdığı gözlənilməzliklərin həyatımıza təsiri təbiidir. Bu cür sıralamaya sprtli və enerji  içkilərinin, siqaretin daimi qəbulu kimi digər “köməkçi” vasitələr də əlavə olunduqda ürək xəstəliyinin nə qədər təhlükəli olduğuna şahidlik edirik. Ona görə xüsusiylə gənclər zərəli vərdişlərdən yayınmalı, ən xırda ağrı hiss etdikdə belə mütləq kardioloqa müraciət etməldir.

– Kardioloq müayinəsi necə olmalıdır, ümumiyyətlə ürək xəstəliyi şikayəti olanlar ilk növbədə hansı müayinələrdən keçirilməlidir?

– İlk növbədə xəstə daxil olanda biz onun mütləq təzyiqini ölçüb, nəbzinə baxırıq. Daha sonra müayinələrdən keçiririk. İlk müayinə ən ucuzu və ən tez həyata keçiriləni EKQ müayinəsidir. Bu müayinə zamanı bəzi dəyişikliklər müəyyən olunur. Amma EKQ bizə 20-30% informasiya verir. Daha sonra EXO müayinəsi və ən vacibi Stress test müayinəsi olunur. Bu müayinə fiziki aktivlik zamanı çəkilən EKQ müayinəsidir. Bu müayinə zamanı biz gizli baş verən ritm problemini, damar daralmasını görə bilirik. Vaxtında bu müayinələrdən keçməklə həyatınızı xilas edə bilərsiniz.