Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib

Türkiyə Respublikası Sosial Müdafiə Qurumunun (SGK) sədri Raci Kayanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev ilə görüş keçirilib.Zaur Əliyev Agentlik və SGK arasında imzalanan Anlaşma Memorandumu artıq 4 ildir ki, uğurla icra olunduğunu bildirib. “Builki fəaliyyət planı tibbi yardımın maya dəyərinin hesablanması, əhalinin icbari tibbi sığortaya dair məmnunluğunun ölçülməsi və ictimai rəyin öyrənilməsi kimi vacib istiqamətləri əhatə edir. Tibbi xidmətlərin dəyərinin tənzimlənməsi, əhalinin icbari tibbi sığorta çərçivəsində aldığı tibbi xidmətlərdən məmnunluq səviyyəsinin yüksək olması bizim üçün prioritet istiqamətlərdəndir”, deyə Zaur Əliyev bildirib.

Raci Kaya qeyd edib ki, Səhiyyə sahəsində xidmətləri yaxşılaşdırmaq kifayət etmir, bu xidmətlərin maliyyələşdirilməsi də paralel aparılmalıdır ki, sistem davamlı və səmərəli olsun.“İnanırıq ki, Azərbaycanda da bu sahədə inkişaf ardıcıl şəkildə davam edəcək və əməkdaşlığımız hər iki tərəf üçün faydalı olacaq”, deyə nümayəndə heyətinin rəhbəri bildirib.Görüşdə SGK-nın strateji inkişaf, ümumi tibbi sığorta, səhiyyə xidmətləri, media və ictimaiyyətlə əlaqələr, beynəlxalq əlaqələr və sosial təminat məsələləri üzrə səlahiyyətli nümayəndələri iştirak ediblər.