Vitamin çatışmazlığını necə müəyyən edək?

MÜTƏXƏSSİS AÇIQLAYIR
Uşaqlarda vitamin çatışmazlığını necə müəyyənləşdirmək və nələrə diqqət etmək lazımdır?
Sualı sehiyye.gov.az saytına verdiyi müsahibədə Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin pediatrı Aynur Adıgözəlova cavablandırıb.
Uşaqlarda vitamin çatışmazlığı xarici və daxili amillərdən asılıdır, deyə pediatr bildirib. Xarici amil, qida vasitəsilə vitamin təminatının pozulmasıdır. Südəmər dövrdə əlavə qidaların gec başlanması, daha çox karbohidrat və şəkərlə zəngin qidaların qəbulu, ət məhsullarının kasadlığı, qidanın həddən artıq qaynadılması səbəbindən tərkibinin pozulması və s. amillər vitamin çatmamazlığına yol aça bilər.
Daxili amillərə isə bu və ya digər səbəbdən vitaminlərin orqanizm tərəfindən düzgün mənimsənilməməsidir. Həkim qeyd edib ki, bu, ya mədə-bağırsaq traktının hər hansı xəstəlikləri və ya hüceyrə səviyyəsində mineral mübadilənin pozulmasıdır.
Həkim mədə-bağırsaq traktı xəstəlikləri anlayışına da açıqlıq gətirib.
Mədə dibində B12 vitaminin sovrulmasını təmin edən xüsusi maddə sintez olunur. Əgər mədə xorası və ya qastrit varsa, həmin zülalın sintezi azalır. Bu da, B12 vitaminin çatışmazlığına gətirib çıxarır. Bununla belə, B12 vitamininin depolaşmaq xüsusiyyəti var və bu depo ən azı 5 il orqanizmi təmin edəcək. Digər tərəfdən, mədə turşuluğunun azalması da bir çox vitaminin sovrulmasını ləngidir. Öd yollarının xəstəliklərində ödün qatılaşması və kifayət qədər ödün sintez olunmaması, qaraciyərin finksiyasının, bu da yağda həll olan vitaminlərin sovrulmasının pozulmasına səbəb olur, deyə Aynur Adıgözəlova bildirib.