Xəstə uşaqların valideynləri psixoloji dəstək görməlidir- MÜTƏXƏSSİS
“Leykemiya sümük iliyi xəstəliyidir. Əsasən ağ qan hüceyrələrinin çoxalması əsasında yaranır. Günümüzün sağlamlıq problemlərindən biridir. Amma zamanında müdaxilə olarsa xəstəlikdən xilas olmaq mümkündür”.
Bu sözləri uşaq hematoloqu Sevil Cəlilova Medical Media-ya açıqlamasında deyib.
Həkimin sözlərinə görə xəstəlikdən xilas olmaq üçün pasient özünü həkimə etibar etməlidir. Burada həkimə və sağalacağına inam vacibdir.
“Bununla yanaşı bu tip xəstəliklərdən xilas olmaq 50 faiz həkimdən asılıdırsa, digər yarısı valideyndən asılıdır. Valideyn qorxmamalı,təşvişə düşməməlidir. Ən birinci valideynlər də bu sahədə psixoloji dəstək almalıdır. Biz müüşahidə edirik ki, cəmiyyətimizdə övladı xəstə olan və bu hala hazır olmayan valideynlər var. Və onlar psixoloji dəstək görməyə dəlilik kimi başa düşürlər və utanırlar,getmirlər”.
Həkimin sözlərinə görə indiki halda çox insan psixoloqa üz tutur və cəmiyyət bunu normal qarşılayır. Ona görə valideynlər bu sahədə maariflənməyə və hazırlıqlı olmağa tələsməlidirlər. Unutmayaq ki, zamanında diaqnoz həyat qurtarır.
Zeynəb Müzəffərli